«MUSİQİLİ ƏSƏR MÜƏLLİFLƏRİNİN ƏMLAK
HÜQUQLARININ İDARƏÇİLİYİ» İCTİMAİ BİRLİYİNİN
NİZAMNAMƏSİ
ÜMUMİ MÜDDƏALAR
«Musiqili Əsər Mülliflərinin Əmlak Hüquqlarının İdarəçiliyi» İctimai Birliyi (sonradan-Birlik adlanacaq) könüllü üzvlüyə, üzvlərinin hüquq bərabərliyi prinsiplərinə əsaslanan, fəaliyyəti bütün ölkə ərazisini əhatə edən, ümumi maraqlar əsasında birləşmiş musiqili əsər müəlliflərinin nizamnamədə göstərilən ümumi maraqlarının Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında» və «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbacan Respublikasının qanunlarına, digər normativ-hüquqi aktlar, Azərbaycan Respublikasının iştirakçısı olduğu müqavilələrə və bu Nizamnaməyə uyğun qaydada müdafəsi və əmlak hüquqlarının reallaşdırılması məqsədilə yaradılmışdır.
Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, banklarda hesablaşma hesabı və digər rekvizitləri vardır. Birlik öz adından müqavilələr bağlayır, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə edir, vəzifələr daşıyır, məhkəmələrdə iddiaçı və cavabdeh qismində çıxış edir.
Birliyin hüquqi ünvanı: Bakı şəh., Gəncə prosp., ev 39. mənzil 28.
Birliyin faktiki ünvanı: Bakı şəh., AZ1010, Nizami küç., 135/73
BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Birliyin əsas məqsədi musiqili əsər müəlliflərinin əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsidir.
Birliyin hüqüqları:
· idarə edilməsi ilə məşğul olduğu hüquqlardan istifadə üçün istifadəçilərə lisenziya verir;
· lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğlərini və başqa şərtləri razılaşdırır;
· lisenziya vermədən qonorar yığılması ilə məşğul olduğu hallarda istifadəçilərlə qonorarın məbləğlərini razılaşdırır;
· müəlliflərə çatacaq bütün qonorarları yığır;
· yığılmış qonorarları onun təmsil etdiyi müəlliflərin arasında bölüşdürür və ödəyir;
· idarə etdiyi hüquqların qorunması üzrə vacib olan digər hüquqi hərəkətləri edir;
· müəlliflərin verdiyi səlahiyyətlərə uyğun olaraq digər işləri həyata keçirir;
· əsərlərdən istifadə edən şəxslərdən (hüquqi və ya fiziki) istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədləri alır, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb edir;
· müəlliflik hüquqlarını pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb edir;
· hüquq sahiblərinin razılığı və mənafeyinə uyğun qaydada yığılmış qonorar məbləğlərinin müəyyən hissəsini müəlliflərin yaradıcılığının inkişafına, təhsilində köməyə, onları xüsusi təqaüdlərin ödənilməsinə, müsabiqələrin təşkilinə, mükafatların ödənilməsinə və gənc müəlliflərə maddi köməyə yönəldir;
· müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarəçiliyini həyata keçirən Azərbaycan və xarici ölkələrin təşkilatları ilə maraqların qarşılıqlı təmsilçiliyi və müəlliflik hüququnun qorunması ilə bağlı müqavilələr bağlayır;
· müəlliflərin hüquqlarının kollektiv əsasda idarəçiliyi və müəlliflərin hüquqlarının qorunması üzrə Azərbaycan və beynəlxalq təşkilatların işində iştirak edir;
· Nizamnamədən irəli gələn başqa hüquqları həyata keçirir.
Birliyin vəzifələri:
· yığılmış qonorarları müəlliflək hüquqlarının sahibləri arasında bölmək və qanuni sahiblərinə ödəmək (bununla birlikdə təşkilatın yığılmış qonorardan qonorarın yığılmasına, bölünməsinə və ödənilməsinə çəkdiyi xərcləri ödəmək üçün lazım olan məbləği, həmçinin müəlliflərin razılığı və maraqları əsasında bu təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən məbləği çıxmaq hüququ vardır);
· yığılan qonorarı yuxarıda göstərilən məbləği çıxmaqla, əsərlərin faktik istifadəsinə uyğun şəkildə bölmək və müntəzəm olaraq ödəmək;
· qonorarı ödəməklə birlikdə müəlliflik hüququnun sahiblərinə onların hüquqlarından istifadə barədə məlumat vermək.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müəyyən etdiyi məbləğdə onun hesabına illik haqq ödəməklə bərabər, Birlik nizamnaməsindəki dəyişikliklər, qonorarın məbləğinə və ayırmalara dair qərarlar, təşkilatın eyni sahədə fəaliyyət göstərən xarici təşkilatlar da daxil olmaqla bağladığı müqavilələr, illik balans, illik hesabat və fəaliyyətinin audit yoxlanması, bu təşkilatı təmsil etmək səlahiyyəti verilmiş şəxslər haqqında məlumatları və təşkilatın fəaliyyətinin qüvvədə olan qanunvericilik aktlarına, həmçinin nizamnaməsinə uyğunluğunu yoxlamaq üçün vacib olan digər sənədləri Agentliyə təqdim etməlidir.
Birliyə əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflərin könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilata üzv olmaqla verirlər. Birliyə əsərlərindən istifadəyə görə qonorarı yığmaq səlahiyyəti verməmiş müəlliflərin onlara çatası qonorarı tələb etmək, həmçinin özlərinin Birlik tərəfindən istifadəyə verilmiş əsərlərini lisenziyadan çıxarmağı tələb etmək hüququ vardır. Birliyin kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektivəsasdə idarəetmə üçün alınan əsərlərdən həmin məqsədlə istifadə etmək hüququ yoxdur.
Birlik Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları ilə əlaqələr qurur və onlarla birlikdə layihələr həyata keçirir, elmi araşdırmalar, sosioloji sorğular keçirir, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir, məqsədləri və fəaliyyəti haqqında məlumatları sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada kütləvi informasiya vasitələri, mətbu nəşrlər təsis edir, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatların onun məqsəd və mənafelərinə zidd olmayan tədbirlərinə qoşulur, nümayəndələr mübadiləsini həyata keçirir.
Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz.
BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ
Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqları malik deyildirlər.
Təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları, idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri, öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər, qrantlar, sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə edilən gəlirlər, qonorarlardan ayırmalar və qanunvericiliklə qadağan edilməmiş digər mədaxillər Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbəələridir. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz və Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.
BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər. Təsisçilər bərabər hüquqlara malikdirlər.
Birliyə üzvlük yalnız könüllülük əsasında həyata keçirilir. Azərbaycan Respublikasında hər bir fiziki və ya hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.
Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır. Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin yarısından çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
Birliyin üzvlərinin hüquqları:
· bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
· Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
· Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
· Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
· öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
· onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
18. Birliyin üzvlərinin vəzifələri:
· Birliyin Nizamnaməsinə əməl etmək;
· Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
· Nizamnamə tələblərinə riayət etmək;
· Birliyin tədbirlərində iştirak etmək.
Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda və Birliyin üzvlüyündən çıxarıldıqda Birlikdə üzvlüyə xitam verilir. Birliyin üzvü Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə, mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda və Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə üzvlükdən xaric edilir. Üzvlükdən və təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.
BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI
Ümumi Yığıncaq, İdarə Heyəti və Nəzarət-təftiş komissiyası Birliyin orqanlarıdır. Ümumi Yığıncaq Birliyin ali orqanı olub, ildə bir dəfədən az olmayaraq çağırılır.Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.Ümumi Yığıncağın keçirilmə yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.
Ümumi yığıncağın səlahiyyətinə aiddir:
· Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
· Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
· Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
· İllik hesabatın təsdiq edilməsi;
· Başqa təşkilatlarda iştirak;
· Birliyin yenidən təşkili və ləğv edilməsi;
· Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi.
Ümumi Yığıncaq Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 3/2 səs çoxluğu tələb olunur. Hər bir üzv bir səsə malikdir.
Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti Həyata keçirir. İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir. İdarə Heyətinin sədri, müavinləri və digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:
· Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir:
· Təkliflər və layihələr irəli sürür;
· Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
· Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
Birliyin Sədri Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir. Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
Birliyin Nəzarət-təftiş komissiyası Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir. NTK-nın qərarları sadə səs çoxluğu ilə həll edilir.
BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ VƏ DİGƏR ŞƏRTLƏR
Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.
Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
|